«Novostroyka» sakinlərinin - XƏBƏRSİZ OLDUĞU PROBLEMLƏR

«Novostroyka» sakinlərinin - XƏBƏRSİZ OLDUĞU PROBLEMLƏR – 1 - HƏLL OLUNACAQMI?

Bakıdakı yeni tikililərin istismara qəbul edilməsi ilə bağlı prezident İlham Əliyevin fərmanı yeni çoxmənzilli binaların sakinlərini sevindirməklə yanaşı, bu sahədəki problemləri də gündəmə gətirib.

FED.az-ın müşahidələri göstərir ki, Bakıda mövcud olan yeni tikililərin əksəriyyətində sakinlərə göstərilən texniki xidmətlər aşağı səviyyədədir, nəticədə binalarda mütəmadi olaraq yanğın, qəza və sıradan çıxmalar baş verir, bu da sakinlər üçün risklər yaradır.
 
FED.az bu sahədə vətəndaşların maarifləndirilməsi üçün yeni tikililərdəki aktual problemlərin işıqlandırılmasına başlayır.
 
Binalara texniki xidmət məsələləri üzrə ekspert, «Rahat Yaşam» idarəetmə şirkətinin mütəxəssisi Rahid Quliyev FED.az-a bildirir ki, yeni tikililərdə olan texniki problemlərin bir hissəsindən sakinlərin ümumiyyətlə xəbəri olmur. Onlar belə problemlərin nəticələrini yalnız hadisə və ya qəza baş verərkən hiss edirlər. Belə problemlərin bir hissəsi liftlər və yanğından mühafizə sisteminin işi ilə əlaqədardır

Eləcə də bax: Mənzil-İstismar Kontorlarına ödəniş olunmalıdırmı? - EKSPERT ŞƏRHİ
 
Ən böyük problemlər liftlərlə bağlıdır
 
Yeni tikililərdə ən böyük problemlərdən biri liftlərdə olan texniki nasazlıqlardır.

Hazırda heç bir çoxmənzilli binanı lift olmadan təsəvvür etmək mümkün deyil və bütün binalarda lift var. Amma heç də bütün binalarda lift xidməti tələb olunan səviyyədə və normal qurulmayıb.

Bəzi binalarda komendantlar və ya binanı idarə edən MTK-lar lift servisi üçün ödənişlərə qənaət etməyə üstünlük verirlər. Qeyd edək ki, aylıq normal lift servisi xərci hər lift üçün təqribən 100-150 manat arası dəyişir. Bəzi binalarda bu məbləği hər ay ödəməkdənsə, yalnız qəza zamanı ödəniş etməyə üstünlük verirlər. Nəticədə ilkin hallarda tezliklə aradan qaldırıla bilən nasazlıqlar vaxtında həl olunmur və sonradan böyük problemə və xərclərə səbəb olur. 

Bəzi lift ustaları hər iki binanı aldadır  
Bundan başqa, binaların bir hissəsi lift xidmətini rəsmi şirkətlərdən deyil, ayrı-ayrı lift ustalarından almağa üstünlük verirlər. Əksər hallarda belələri lift şirkətlərində çalışan və ya nə vaxtsa işləyib işdən çıxmış adamlardır. Belələri liftlə hər gün deyil, problem çıxanda maraqlanırlar.

Bəzi hallarda isə ustalar lift sahibinin məlumatsızlığından sui-istifadə edir, yararlı və işlək detalları yararsız kimi qələmə verib əlavə ödəniş alırlar.
Bəzən bir binanın liftindən götürülən işlənmiş detal digər binanın liftində yeni adı ilə quraşdırılır. Nəticədə əlavə ödəniş əldə etmək xatirinə hər iki binanın sakinlərinə risk yaranır.

Binaların idarəetməsi ilə məşğul olan ciddi şirkətlərdə isə bu iş fərqli qurulub: «Əvvəla, belə binalarda liftlərə lisenziyalı  ciddi və peşəkar şirkətlər nəzarət edir, digər tərəfdən servis işi aylıq daim ödəniş müqabilində fasiləsiz aparılır. Belə olduğu təqdirdə  liftlər həmişə saz vəziyyətdə olur, qəza riski də azalmış olur».
 
Yanğın zamanı mühafizə sistemi işə düşəcəkmi?
Binalardakı texniki xidmətlərdən danışanda ən az xatırlanan mövzu yanğından mühafizə sistemidir. Halbuki, son hadisələr bu sistemin necə mühüm əhəmiyyət daşıdığını göstərir. İlin əvvəlindən indiyədək Bakıda bir neçə yeni tikilidə yanğın halları baş verib.

Yanğınlar paytaxtın Nizami, Nəsimi və Yasamal rayonlarındakı binalarda olub və bəziləri insan ölümü ilə nəticələnib. Məsələn, aprelin 17-də Nizami rayonunda baş verən yanğında bir nəfər həlak olub.
 
Məhz bu səbəbdən yanğından mühafizə sisteminin daima saz və işlək vəziyyətdə olması çox vacibdir. Amma bəzi binalarda bu iş düzgün qurulmayıb. Yanğından mühafizə sistemi olsa, da ona lazımi səviyyədə xidmət göstərilmir və düzgün idarə edilmir. Ekspert bildirir ki, yanğından mühafizə sisteminin nasosları, su çənləri, motorları daim işlək və hazır vəziyyətdə olmalıdır. Bunun üçün xüsusi xidmət tələb olunur: «Əks halda binada yanğın baş versə bu sistem işləməyəcək».

 
Binaların əksəriyyətində bu sistem «oflayn» rejimdədir
 
Binaların əksəriyyətində bu sistem «oflayn» rejimdə işlədilir: «Yəni sistemə su vururlar, amma mühərriklər söndürülmüş vəziyyətdə olur, çünki mühərrik qoşulanda su təzyiq altında olur. Belə halda isə sistemdəki problemlər, məsələn, hansısa borunun su buraxması ortaya çıxır. Bunu təmir etmək, qaydaya salmaq lazımdır».

Binaların əksəriyyətində isə bunu etməmək üçün yanğın sistemində mühərrikləri söndürülmüş vəziyyətdə saxlayırlar: «Bəhanə olaraq bildirir ki, yanğın olsa, sistemi işə salarıq. Amma yanğın olduğu zaman system gec işə salınır vəya heç işə düşmür. Məlum olur ki, sistemdəki hansısa detal nasazdır, məsələn, akkumulyator və ya batareya boşalıb və sair». 

 
Bina idarəetməyə götürüləndə bütün qurğular yoxlanılır
 
Göründüyü kimi, yeni tikililər ilk baxışdan görkəmi ilə bir-birindən fərqlənməsələr də, onların texniki təchizatı həm rahatlıq, həm də təhlükəsizlik və sağlamlıq baxımınan böyük rol oynayır.

Məhz buna görə də, ciddi şirkətlər binanı idarəetməyə götürərkən bütün qurğuların vəziyyətini yoxlayıb qiymətləndirir və yalnız bundan sonra bina sakinlərdən təhvil alınarkən onlara yazılı məlumat verilir.

«Rahat Yaşam» şirkətinin idarəetməyə götürdüyü binalarda da bütün qurğuların işlək vəziyyətdə olub-olmaması əvvəlcədən yoxlanılır, necə deyərlər texniki «chek-up» aparılır, aşkar edilən problemlər barədə sakinlərə məlumat verilir.

Ortaya çıxan problem həm sakinlərin həm də RAHAT YAŞAM şirkətinin  birgə səyləri nəticəsində qarşılıqlı razılaşma əsasında müəyyən edilmiş vaxt aralığında aradan qaldırılır.