Binaları yeni üsulla idarə edirik

Binaları yeni üsulla idarə edirik – GÜVƏNLİ VƏ SƏMƏRƏLİ – YENİ XİDMƏT - MÜSAHİBƏ

 

Prezident İlham Əliyevin fərmanından sonra istismara qəbul edilən və sənədləşdirilən çoxmərtəbəli yaşayış binalarının («novostroyka»ların) sayı artdıqca, həmin binaların idarə edilməsi məsələsi gündəmə gəlib. Qanuna əsasən, MTK-lar inşa etdikləri binaları dövlət təhvilinə verməli, həmin binalar isə sakinlər vəya sakinlərin təşəbbüsü ilə idarəçi şirkətlər idarə etməlidirlər.
 
Belə yaşayış binalarından biri Bakının Nərimanov rayonunda, Montin qəsəbəsində yerləşir və«Rahat Yaşam» şirkəti tərəfindən idarə olunur. «Rahat Yaşam» və «Səadət» MTK şirkətlərinin təşəbbüsü ilə bina sənədləşdirilib və buradakı mənzillərə çıxarışlar verilib. Binaların idarə edilməsi və bu sahədə gözlənilən yeniliklər ilə bağlı FED.az-ın suallarını Rahat Yaşam şirkətinin marketinq və satış bölməsinin müdiri Elxan Orucov cavablandırır.
 
- Elxan müəllim, əvvəlcə sənədləşdirmə prosesi barədə danışaq. Binadakı mənzilləri necə sənədləşdirdiniz, təşəbbüs kimin idi?
- Mənzillərin sənədləşdirilməsi «Rahat Yaşam» şirkətinin və «Səadət» MTK-nın birgə təşəbbüsü idi. Əmlak Məsələləri Dövlət Komitəsinin səyyar xidmətnin   dəstəyi ilə çıxarışların verilməsi prosesi baş tutdu.
 
- Binada neçə mənzil var, onların hamısı çıxarış aldı?
- Dövlət aktına uyğun olaraq iki bloklu bu binada 187 mənzil var. Sakinlərin əksəriyyəti bugünkü təşəbbüsdən yararlanaraq bir neçə dəqiqə ərzində mənzilinin çıxarışını aldı. Prosesi bu qədər operativ şəkildə həyata keçirdiyinə görə, Əmlak Məsələləri Dövlət Komitəsinə təşəkkür edirəm.
 
- Mənzillərin çıxarışı hətta bir neçə dəqiqəyə verildi?
- Bəli, proses bir neçə dəqiqə çəkdi və sakinlər öz mənzillərinin çıxarışı ilə təmin olundular.
 
- Binanı inşa edən şirkət «Səadət» MTK-dır. Bəs «Rahat Yaşam» şirkəti burada hansı qismdə çıxış edir?
- Əvvəlcə mən sizə şirkətimiz haqqında məlumat vermək istəyirəm. «Rahat Yaşam» markası İPE  GROUP tərəfindən 2015-ci ildə yaradılıb. Şirkətimizin ana profili bina-komplekslər, ticarət mərkəzləri, biznez plaza və residenslərin  peşəkar idarəetmə xidmətlərini göstərməkdir. Azərbaycan və Türkiyə ərazisində ortaq şirkətimizlə birlikdə idarə etdiyimiz mənzil sayı 9700 –dən çoxdur . Biz kommunal idarəetməni yerinə yetiririk, hansı ki, bu xidməti əvvəllər   «JEK» kimi tanınan Mənzil Kommunal İstismar Sahələri və bəzi yerli icra orqanları həyata keçirirdilər. Biz isə bu xidmətləri özəl şirkət olaraq yeni tikili bina sakinlərinin istəyi ilə yerinə yetiririk.
 
- Oxuculara xatırladım ki, Azərbaycanda binaların sakinlər və onların seçdiyi şirkətlər tərəfindən idarə olunması hələ 2009-cu ildə qəbul
edilmiş Mənzil Məcəlləsində nəzərdə tutulmuşdu. Amma 10 ildən artıq vaxt keçməsinə baxmayaraq bu hal geniş yayılmayıb. Son vaxtlar isə Azərbaycanda  binaların şirkətlər tərəfindən idarəetməsinə başlanıb və bildiyimə görə, «Rahat Yaşam» şirkəti ilk belə şirkətdir...
- Bəli, biz respublikada bu sahədə innovativ fəaliyyət göstərən yeganə şirkətik. Bina sakinlərinə müraciət edirik ki, bizim xidmətlərimizdən mütləq yararlansınlar. Xidmətlərlə yanaşı, həm də innovasiya baxımından şirkətimiz milli ödəmə sistemlərinə inteqrasiya edilib. Bildiyiniz kimi ölkə başcısının 16 dekabr 2016-cı il sərəncamına əsasən  nağdsız hesablaşmalara keçililib. Biz də müvafiq sərəncama uyğun olaraq Azərbaycana bu sahədə yeni bir sistem gətirmişik ki, bu sistem vasitəsi ilə sakinlərimizə onlayn xidmət göstərə bilirik.
 
- Binanın şirkət tərəfindən idarə edilməsi nə deməkdir? Yeni binalar, yəni «novostroyka»lar  onsuz da MTK-ların  komendantları  tərəfindən, köhnə binalar isə JEK-lər tərəfindən idarə olunur. Siz binanı idarə etmək dedikdə nəyi nəzərdə tutursunuz?
- Binanın idarəetməsi dedikdə binanın ümumi olaraq kompleks şəkildə idarə olunması nəzərdə tutulur. Bura daxildir texniki-təhlükəsizlik məsələləri, təmizlik xidmətləri, texniki xidmətlər, yaşıllaşdırma xidmətləri və sair. Təbii ki, bütün bunlar sakinlərlə razılaşdırılır. Razılaşdırıldıqdan sonra sakinlərin ümumi fondu hesabına bizim iştirakımızla və nəzarətimizlə həyata keçirilir.
 
- Belə başa düşülür ki, görülən bütün işlər əvvəlcədən sakinlərlə razılaşdırılır. Onsuz da sakinlərdən bina üçün aylıq ödəniş yığılır, başqa hallarda bu pulların hara və necə xərcləndiyi barədə məlumat olmur. Bəs sizinlə işlədikdə bu necə olur? Sakinlər yığılan pulların hara, necə xərcləndiyini bilirlər?
- Əlbəttə, hamı bu barədə məlumatlı olur. Ümumiyyətlə biz bu sistemlə çox şəffaf fəaliyyət göstəririk. Əvvəllər MTK-lar tərəfindən  sakinlərdən gizlədilən hesabatları istənilən sakinə təqdim edirik. Bütün texniki işlər rəsmi olaraq aktlaşdırılır. Bununlada şəffaflığın təmin etmiş oluruq  və  sakinlərdə bizdən razı qalır.
- Sakinlərdən xidmət haqqı necə toplanır?
- Ödənişlər sakinlərə təqdim edilən ödəniş kodları vasitəsi ilə e-manat, hesab.az üzərindən onlayn ödəmə yolu ilə aparılır. Bu da bu sahədə ən böyük üstünlüklərdən biridir. Sakinlər ödənişlərinin rəsmi olduğundan əmin olurlar, buda öz növbəsində ayrıca bir rahatlıq və asanlıq yaradır.
 
- Ən əsas məqamlardan birini də aydınlaşdıraq. Bəzi binalarda işlər aparılarkən keyfiyyəti o qədər də yaxşı səviyyədə olmur, siz binanı təhvil alarkən binanın hansı vəziyyətdə olduğunu necə müəyyən edirsiniz? İstənilən vəziyyətdə olan binanı qəbul edirsiniz?
- Bir məsələni diqqətinizə çatdırım ki, bizim ümumi texniki analiz qrupumuz, yəni servis xidmətimiz var, hansı ki, binanı təhvil götürməzdən əvvəl binanı sakinlərin və inşa edən şirkətin  ümumi iştirakı ilə aktlaşdırıb qəbul edirik. Binanı texniki “chek-up” etdikdən, yəni burada texniki analiz aparıldıqdan sonra qüsur aktları tərtib olunur. Sadə desək, binanın hansı riskləri olması müəyyən edilir, bu binada fəaliyyətə başlamaq üçün bizə nə lazımdır,  gələcəkdə hansı tədbirlər planı həyata keçiriləcək – bütün bunlar haqqında ümumi analiz edilib sakinlərə məlumat verilir və onların razılığı əsasında fəaliyyətə başlanılır. Fəaliyyətə başlamağımız isə  qanunvericiliyə uyğun olaraq sakinlərin  51 faizlik səs çoxluğu ilə həyata keçirilir.
 
- Deməli sakinlərin ən azı yarısı razı olmalıdır ki, binanı şirkət idarə eləsin?
- Bəli, sakinlərin ən azı yarısının razılığı olmalıdır, çünki qanunvericilik bunu tələb edir. Eyni zamanda müəyyən xidmətlərimiz var  - maliyyə-mühasibat, hüquqi xidmətləri - bunlar da sakinlərə kömək olaraq ödənişsiz göstərilir. Bir də dövlət qurumları ilə əməkdaşlıqda MMMC-nin (Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) yaradılması, onun sənədlərinin hazırlanmasında hüquqi köməkliyimizidə vətəndaşlarımıza əsirgəmirik..
 
- Bu sahə yeni olduğu üçün bir daha qeyd edək ki, binanın idarə edilməsi üçün sakinlərin yaratdığı qurum – Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti - MMMC tərəfindən qərar verilməlidir. Məhz bu qurum binanı kimin idarə edəcəyinə qərar verir. Sakinlər MMMC-nin necə yaradılması barədə İqtisadiyyat Nazirliyindən maraqlanıb məlumat ala, ya da elə «Rahat Yaşam» şirkətindən hüquqi tərəflərini öyrənə bilərlər.
 Elxan müəllim, «Rahat Yaşam» Azərbaycanda neçə binanı idarə edir?
 
- Hazırda idarəetməmizdə Bakı və Sumqayıt şəhərləri daxil olmaqla 30-a yaxın bina-kompleksi var. Biz 2015-ci ildən bu fəaliyyətlə məşğuluq.  İlk başda qeyd etdiyim kimi təkrar xatırladım ki, hazırda Azərbaycan və Türkiyə ərazisində ortaq şirkətimizlə birlikdə idarə etdiyimiz mənzil sayı 9700 –dən çoxdur. Bununda 2600 -ə yaxını Bakı və Sumqayıt şəhərlərinin payına düşür. Bizə olan rəğbətdən deyə bilərəm ki , sakinlərimizin böyük əksəriyyəti xidmətimizdən razıdır. Biz onların üzərindən müəyyən yükləri almışıq. Bilirsiniz ki, şəhər həyatının çətinlikləri, vaxt qıtlığı var ki, binalara sakinlər özləri xidmət göstərə bilmirlər. Biz Avropa və Türkiyə təcrübəsinə əsaslanıb fəaliyyətimizi qurmuşuq. Bir çox xarici ölkələrdə bu işi kənar idarəçi şirkətlər həyata keçirir. Biz də xidmətimizi bu formada təşkil etmişik.
 
- Cəmiyyətimizdə belə bir fikir formalaşıb ki əgər xidmət yaxşıdırsa onun qiyməti də bahadır. Tutaq ki, bir binanı idarəetməyə götürmüsünüz. Siz gələndən sonra xidmət haqqı artıb-azalırmı?
- Mən o məsələyə toxunacaqdım. Bəzi əmlak ekspertləri bildirir ki, binaların idarə edilməsi üçün standart tarif olmalıdır, amma bu səhv yanaşmadır. Hər bir binanın tarifi fərqlidir, binanı yoxlayandan, yəni «chek-up»dan sonra məlum olur. Bu tarif işçi qüvvəsindən, gəlir və xərclərdən asılı olaraq dəyişir. Buna görə də kvadratmetrə düşən ödənişin məbləği də dəyişir. Bu da o qədər yüksək məbləğlər deyil, 0.30 qəpikdən başlayaraq 1 manat arasında dəyişir. Qiymətlərə binanın qazanxanasının və ya kombi sisteminin olması təsir edir.
 
- Mən bildiyimə görə indi də 0.30 qəpikdən aşağı xidmət haqqı yoxdur. Amma belə çıxır ki siz də eyni qiyməti təyin edib daha yaxşı xidmət göstərirsiniz...
- Bəli, daha keyfiyyətli xidmət göstəririk. Həm də sadə desək, sakinlər  iki nəfər işçinin məvacib miqdarı ilə böyük bir şirkətin xidmətlərindən yararlanmış olurlar.
 
- Binanın mühafizəsindən də danışaq. Hazırda əsas problemlərdən biri binanın həyətinə kənar adamların daxil olmasıdır. Sizin şirkətin idarəetməsində olan bir binaya kənar adam daxil ola bilərmi? Ümumiyyətlə bu prosedur necədir? Tutaq ki kiminsə evinə qonaq gəlib, usta gəlib, nəzarət hansı dərəcədədir? Bunu ona görə xırdalığına qədər müzakirə etmək istəyirik ki, sakinlərin çoxu bu məsələ ilə maraqlanır.
- Məsələ belədir ki, biz giriş-çıxış koordinasiyasına diqqət yetiririk, binalarımız xüsusi turniket və şlaqbaumlar vasitəsi ilə qapadılır, girişdə gözətçi postu qurulur, həmin postdan ümumi həyətə nəzarət olunur. Giriş-çıxış koordinasiyası üçün sakinlərimizə xüsusi kartlar təqdim olunur ki, o kartlardan yalnız sakinlər istifadə edə bilərlər. Bu kartlar vasitəsi ilə həm turniketlər, həm də  blok qapıları açılır, eyni zamanda liftlərə kart sistemi tətbiq edirik ki, bina orada yaşayan sakinlər üçün tam təhlükəsiz olsun.
 
- Deməli, kənar adam liftdən istifadə edə bilmir...?
- Bəli, bu müəyyən xoşagəlməz halların baş verməməsi üçündür. Yeri gəlmişkən, təhlükəsizlik sistemi ilə bağlı qeyd etmək istəyirəm ki, biz bu sistemi qaraj giriş-çıxışları üçün də tətbiq edirik. Bilirsiniz ki, binaların qarajlarının girişləri müxtəlif hissələrdən ola bilir, görünməz yerlərdən ola bilər. Ora da həm kamera ilə, həm də kart sistemi ilə xüsusi nəzarət olunur.
 
- Hər hansı binanın sakinləri istəsə ki, sizin şirkət onların binasını idarə etsin, onlar hara və necə müraciət etməlidir?
- Onlar bizə sosial şəbəkələr vasitəsi ilə də, veb səhifəmiz olan www.rahatyasam.az vasitəsi ilə də müraciət edə bilər, bizim çağrı mərkəzimizə zəng etməklə müraciət edirlər . Məlumatı alındıqdan sonra müfaviq şöbəyə ötürülür və əməkdaşlarımız binaya baxış keçirmək üçün həmin ünvana yollanırlar .
 
- Daha sonra prosedur necə davam edirr?
 
- Deməli, bizim əməkdaşlar gəlib binanı yoxlayırlar, kommunal idarəetmə ilə əlaqədar hansısa problem varsa aşkara çıxarılır. Xüsusi proqram vasitəsi ilə binaya uyğun  düzgün tarif müəyyən edilir və bundan sonra sakinlərin 51% (faiz) səs çoxluğu ilə razılaşdırılıb  protokollaşdırılır, rəsmi müqavilə bağlanılır və təhvil götürülür.
Az öncə qeyd etdiyim kimi, burada sakinlər də ola bilər, MTK sahibləri də ola bilər, fərq etmir.
 
- Bina sakinləri bu məsələdə nə qədər fəaldırlar? Bir də MTK-lar binanın kənar şirkət tərəfindən idarə olunmasına necə yanaşırlar?
- Bəzi binalarda bir qədər laqeydlik var, toplantı keçirtmək asan olmur, əvvəla sakinlərin hamısını, yarıdan çoxunu bir yerə toplamaq bəzən çətin olur. O ki qaldı MTK-lara, müəyyən MTK sahibləri var ki, Cənab Prezidentimizin sərəncamını rəhbər tutaraq, sakinlərinin rahat yaşaması üçün  özləri təşəbbüs göstərirlər, bəziləri isə bizə bu məsələdə maneələr yaradırlar ki, idarəetmə sakinlərə keçməsin. Amma burada əsas, həlledici qüvvə insan foktoru, sakinlərdir. Sakinlərin təşəbbüsü, dəstəyi olduğu halda biz idarəetməni rahat şəkildə təhvil alırıq.
 
- Binanı təhvil aldıqdan sonra idarəetmə necə başlayır?
- İdarəetmə Sistemimizi qurub qeyd etdiyim xüsusi onlayn proqram vasitəsi ilə binada yaşayan bütün sakinləri məlumat bazasına əlavə etdikdən sonra hər birinin fərdi ödəniş kodunu təqdim edirik və xidmətimizə başlayırıq. Hər bir sakin öz şəxsi kabinetinə daxil olaraq yığılan məbləğin nəyə xərclənməsi barədə hesabatları izləyir, yığıdıqları vəsaitin hara toplandığını bilir. Bu sistemdə binanın ehtiyyat fondu da yaradılır ki, gələcəkdə hər hansı bir texniki hadisə baş verdikdə təcili həll edilsin, köhnə üsulla hər dəfə sakinlərdən əlavə pul yığılmasın.
 
Yeni tikili binalarda yaşayan sakinlər, Cənab Prezidentin müvafiq sərəncamına əsasən binanı və  kommunal idarəetməni onlara devr etməyən MTK-lar haqqında İqtisadiyyat Nazirliyinə şikayət məktubu ünvanlasınlar. Bu məsələ ölkə başcısı tərəfindən adı keçən  dövlət qurumuna tapşırılıb. Sərəncama məhəl qoymayan  bir çox MTK və İnşaat şirkəti artıq cəzalandırılıb. Eyni zamanda 115-dən  çox MMMC (Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) Ədliyyə Nazirliyində  qeydiyyatdan keçirilib.
 
Əli bəy sonda qeyd etmək istəyirəm ki, xidmət sahəsi çətin və əziyyətli sahə olsa da, bu məsuliyyətli işdə «Rahat Yaşam» komandası olaraq  xalqımıza xidmət etməyin qürurunu  yaşayırıq.