“Çoxmənzilli binaların idarə olunmasına vəkil baxışı” mövzusunda onlayn dəyirmi masa keçirilib
Bu gün Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Çoxmənzilli binaların idarə olunmasına vəkil baxışı (yerli və beynəlxalq təcrübə)" mövzusunda dövlət və qeyri dövlət orqanlarının nümayəndələrinin, vəkillərin və sahibkarların iştirakı ilə onlayn qaydada dəyirmi masa keçirilmişdir.
Tədbirdə Milli Məclisin, Nazirlər Kabinetinin, İqtisadiyyat Nazirliyinin, Ombudsman aparatının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Ankara Vəkillər Kollegiyasının, “PAŞA Holding” MMC-nin, "Ağ şəhər" layihəsinin, “Yeni Həyat Şirkətlər Qrupu”nun və digər dövlət və qeyri-dövlət orqanlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin (Mərkəz) direktoru Şahmar Məmmədov tədbiri giriş sözü ilə açmış, iştirakçıları salamlamış və dəyirmi masanın məqsədi və Mərkəz tərəfindən təşkil olunmuş tədbirlər barəsində məlumat vermişdir.
Açılış nitqi ilə Vəkillər Kollegiyanın sədri A.Bağırov çıxış edərək, çoxmənzilli binaların fəaliyyətinə dövlət nəzarəti və bu sahədə dövlətin rolu, milli və beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi, çoxmənzilli binalarda düzgün idarəçiliyin təşkili, özəl qurumların və istehlak xarakterli mənzil-tikinti kooperativlərinin tikdikləri binalarda idarəetmə qaydaları, vəkillərin bu sahədə qarşılaşdıqları problemlər haqqında məlumat vermişdir.
Tədbirdə, həmçinin, vəkil Fuad Kərimov “Çoxmənzilli binaların idarə olunmasına vəkil baxışı – yerli təcrübə”, “Azaflı Hukuk ve Danışmanlık Bürosu”nun müdiri, Ankara Vəkillər Kollegiyasının üzvü Arzuman Azaflı “Çoxmənzilli binaların idarə olunmasına vəkil baxışı – beynəlxalq təcrübə” mövzuları üzrə çıxışlar etmişlər.
Fuad Kərimov qanunvericilikdə çoxmənzilli binaların idarə edilməsi məsələsinin nizamlanması, binalarda yeni idarəetmə üsullarının tətbiq edilməsi, kommunal ödənişlərin yığılması, mənzil-tikinti kooperativlərinin məsuliyyəti, mənzil mülkiyyətçiləri ilə bina sakinlər arasında münasibətlərin tənzimlənməsi ilə bağlı fikir söyləmişdir.
Arzuman Azaflı çoxmənzilli binaların idarəetmə tarixi, Amerika və Avropa da daxil olmaqla idarəetmədə beynəlxaq təcrübə, Amerikada qurulmuş pullu sadə mülkiyyət sistemi, Türkiyə Respublikasında çoxmənzilli binanın idarəetmə və onlara nəzarətin tənzimlənməsi və s. məsələlər haqqında fikir söyləmişdir.
Bundan başqa, Rahat Yaşam şirkətinin kommersiya şöbə rəhbəri Elxan Orucov, “Xetayi 25” MMMC-nin nümayəndəsi İsrafil Sarivəliyev çıxış etmişlər.
Daha sonra, çağdaş dövrün tələblərinə uyğun hazırlanmış mənzil idarəetmə sisteminin qurulması, qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi, çoxmənzilli binanların idarə olunması, yaşayış sahəsinin saxlanmasına görə haqqın miqdarının müəyyən olunması məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi və müzakirələr aparılmışdır.
Eyni zamanda, o qənaətə gəlinmişdir ki, bu sahədə dövlət nəzarətinin gücləndirilməsinə və idarəedici şirkətlər tərəfindən şəffaflığın artırılmasına, o cümlədən qanunvericiliyə əlavə və dəyişiliklərin edilməsinə böyük ehtiyac var. Bununla bağlı Vəkillər Kollegiyası bütün təklifləri ümumiləşdirib aidiyyəti qurumlara göndərəcəkdir.